Special Kids Xüsusi Uşaq Bağçası haqqında məlumat
“Special Kids”ın məqsədi xüsusi qayğıya ehtiyacı olan (eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən) uşaqları bağçaya adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək verməkdir.
“Special Kids”da təlim prosesinə uşaqlar 2 – 8 yaş aralığında cəlb olunur və uşaqların maraqlarına, ehtiyaclarına və davranış göstəricilərinə uyğun olaraq beş qrup fəaliyyət göstərir. Hər qrupda 8 nəfərin təhsil alması nəzərdə tutulur və hər qrupda dörd mütəxəssis – xüsusi pedaqoq, psixoloq, loqoped və dayə uşaqlarla iş aparır. Biz həftənin 5 günü 9:00 – dan 18:00 – dək fəaliyyət göstəririk. Uşaqlar burada 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional və motor bacarıqlarını inkişaf etdirici məşğələlərə qoşulur və müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə iştirak edir.
“Special Kids”da uşaqların ehtiyaclarına fərdi yanaşma var. Burada rüblük uşaq inkişafı qiymətləndirilməsi aparılır və valideynlər üçün həftəlik tədris və fəaliyyət hesabatı hazırlanır.
“Special Kids”da uşaqlar üçün gündəlik tibbi nəzarət və pediatr müayinəsi təşkil olunur. Sanitar – gigiyenik vəziyyətin davamlı yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir. Bundandan əlavə, bağçada xüsusi təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə sistemi var.